ORDU
“Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İranın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku - 2017” beynəlxalq yarışının ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğu vurğulanıb. Həmçinin hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Bildirilib ki, “Dəniz Kuboku-2017” artilleriya atışı, gəminin davamlılığı uğrunda mübarizə, dəniz və xilasetmə hazırlığı üzrə yarışlardan ibarət olmaqla üç mərhələdə keçiriləcək.
“Dəniz Kuboku-2017”də iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.