CƏMİYYƏT


Denni Annan: Danimarka Azərbaycanla daha sıx işbirliyi yaradılmasında maraqlıdır

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan və “Novo Nordisk” əczaçılıq şirkətinin nümayəndəsi Emil Larsen ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, diplomatın Ağdama səfərini yüksək qiymətləndirən Əhliman Əmiraslanov Azərbaycan ilə Danimarka arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən danışıb, ölkələrimizin münasibətlərinin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.

Qonaqlara Səhiyyə komitəsinin fəaliyyəti haqqında məlumat verən Ə.Əmiraslanov rəhbərlik etdiyi komitənin Milli Məclisdə artıq on ilə yaxındır fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu müddət ərzində komitənin xətti ilə 20-dən çox yeni qanun qəbul olunub və yüzlərlə qanuna (qanun layihələrinə) dəyişikliklər edilib. Səhiyyə komitəsi sağlamlığın mühafizəsi, əhalinin sanitar-epidemioloji sağlamlığı, dərman vasitələri, əczaçılıq, ictimai təhlükəli xəstəliklərlə mübarizə, tibbi sığorta, tibb fəaliyyəti üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir, həmçinin ölkədə səhiyyə üzrə aktual mövzularda dinləmələr keçirir.

Səmimi qəbula görə minnətdarlığını bildirən Danimarka Krallığının ölkəmizdəki səfiri Denni Annan ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi perspektivlərini yüksək qiymətləndirib. Danimarkanın bir çox şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini deyən səfir iki ölkə arasında mövcud olan parlamentlərarası əlaqələrin gələcək inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.

Denni Annan Ağdama səfəri barədə danışarkən bildirib ki, azad olunmuş ərazilərdə yenidənqurma işləri, xüsusən də ağıllı və dayanıqlı şəhərin yaradılması istiqamətində aparılan işlərlə tanış olub. Diplomat Danimarkanın Azərbaycanla daha sıx işbirliyi yaradılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Sonra “Novo Nordisk” əczaçılıq şirkətinin nümayəndəsi Emil Larsen bildirib ki, bu şirkət Azərbaycanda 1990-cı illərdən fəaliyyət göstərir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və şəkərli diabetə tutulma riski olanlara dəstəyini göstərir, bu xəstəliklə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına daim töhfələrini verir. O bildirib ki, Azərbaycan bu xəstəliyə qarşı mübarizə aparılması, dərman vasitələrinin xəstələr üçün əlçatan olması baxımından bütün dünyada model ola biləcək bir ölkədir.

Görüşdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolu, parlamentlərarası münasibətlərin genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.

Səhiyyə komitəsinin üzvləri Kəmaləddin Qafarov və İlham Məmmədov iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri barədə danışıblar, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fəxri konsulu Arnoud Qovart və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.