Deputat: Azərbaycan enerji ehtiyatları ilə Avropanın mərkəzinədək irəliləmək potensialına malikdir
AzerTAg.az

Bakı, 4 fevral, AZƏRTAC
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi mühüm hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsi baxımından xüsusi önəm kəsb edir. Bu sahədə yeni marşrutların qurulması və yeni resursların cəlb olunması dövlətimizin başçısı tərəfindən diqqətdə saxlanılır. Tədbir çərçivəsində, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş icrası üzrə Rəhbər Komitənin ilk iclası keçirilib. Bu layihə ölkəmizə yeni dividendlər gətirəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, dünyanın nüfuzlu maliyyə institutlarının proqnozlarına əsasən, 2023-cü il bütün ölkələr üzrə iqtisadi artım tempinin aşağı düşməsi və inflyasiya həddinin yüksəlməsi ilə müşayiət olunacaq. Bunun başlıca səbəbi kimi məhz Rusiya-Ukrayna müharibəsi göstərilir. Yəni, dünyanın pandemiyanın nəticələrindən özünə gəlməyə başladığı bir dövrdə yeni böhran ağır fəsadlara səbəb olacaq. “Biz artıq görürük ki, Qərb Rusiyanın neft və qazından imtina edib. Avropada hazırda enerji böhranı yaşanır və ciddi qənaət rejimi hökm sürür. Bu reallıq məntiqi olaraq Qərbi vadar edir ki, yeni enerji mənbələri axtarışında olsun. Bu mənbələr bəllidir, ancaq o resursları Avropaya çatdıracaq infrastruktur başlıca müzakirə mövzusudur. Paytaxt Bakıda keçirilən mötəbər toplantıda da məhz bu məsələlər müzakirə edildi”, - deyə E.Allahverdiyev qeyd edib.
Rusiya-Ukrayna müharibəsinin qlobal logistika böhranına da səbəb olduğunu diqqətə çatdıran deputat bildirib ki, hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə, yaxud Gürcüstan-Qara dəniz istiqamətində daşınmalar mühüm aktuallıq kəsb edir. Xəzər dənizindən Türkiyənin Ceyhan limanına doğru neft kəmərimiz fəaliyyət göstərir. Qaz nəqliyyatına gəldikdə, TANAP kəməri fəaliyyətdədir, TAP da eyni qaydada. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Ölkəmiz “mavi yanacağ”ını Bolqarıstana, Yunanıstana, Rumıniyaya ixrac edir. Bu ölkələrin vasitəsilə şəbəkəyə Serbiya qoşulacaq, Albaniyanın qoşulması isə gündəmdədir. Yəni, bir sözlə, Azərbaycan Avropanın mərkəzinə qədər irəliləmək potensialına malikdir. Xəzərin Şərq tərəfindən Türkmənistan və Qazaxıstan bizim kəmər infrastrukturundan istifadə etməyə başlayıb və burada daha böyük potensial var.
“Eyni yanaşmanı biz yük daşımalarına da tətbiq edə bilərik, çünki Azərbaycanın inkişaf etmiş avtomobil yolları infrastrukturu mövcuddur. Daxildəki dəmir yolları təmir edilir, Bakı-Tbilisi-Qars dəmiryolu xəttimiz işləyir. Başqa sözlə, biz bu layihənin böyük həcmlərdə işə düşməsi üçün lazım olan hər şeyə malikik. Bu artıq başqa məsələdir ki, həcmlər artdıqca, ötürücülük qabiliyyəti də çoxalmalıdır. Bu istiqamətdə hökumətin konkret yanaşması var, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu mövzuya toxunub və elə əslinə qalsa, Azərbaycan Rusiya ilə Ukrayna arasında müharibə başlamamışdan çox-çox illər qabaq bu istiqamətdə lazımi işlərə başlayıb. Məsələn, bizim Ələtdəki yeni liman Xəzər dənizi vasitəsilə yüklərin ötürülməsinə hazırdır və böyük həcmlər üçün əlavə tədbirlər də görülə bilər”, - deyə Elnur Allahverdiyev vurğulayıb.
Deputat bildirib ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, Avropanın və dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Ötən il Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Memorandum gələcək əməkdaşlıq planları üçün yol xəritəsidir. Memoranduma əsasən, ölkəmiz Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artıracaq. Azərbaycan günəş və külək enerjisinin istehsalı ilə bağlı “Masdar” və “ACWA Power” kimi investorlarla birgə işləyir. Bərpaolunan enerji ilə bağlı isə üç əsas enerji şirkəti ilə anlaşma memorandumu imzalanıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizin iqtisadi dayanıqlığının təmin olunmasına yönəldilib.
Xəbərin mətnində orfoqrafik səhv var