SİYASƏT
Deputat: Azərbaycana qarşı aparılan təcavüzkar siyasət Ermənistanın arzuladığı nəticəni verməyəcək
Bakı, 18 iyul, AZƏRTAC
Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dönəmdə Ermənistan atəşkəs rejimini pozaraq insan tələfatları ilə nəticələnən təxribatçı hərəkətlərini davam etdirməyə üstünlük verdi. İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozur. Bu cür təxribatçı əməllər bir daha sübut edir ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil və istənilən üsul ilə hazırkı status-kvonu saxlamağa çalışır. Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisini qəsdən hədəfə alaraq ağır silahlardan atəşə tutması faşizm və barbarlığın bariz təzahürüdür.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva söyləyib. O deyib: “Ermənistan hökuməti aqressiv separatizmin və Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinin perspektivlərinin olmadığını anlamır. Ermənistan işğal siyasətinin dayandırılmasına dair qəbul edilmiş qətnamələri, eləcə də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həlli prosesində iştirak etməli olduğunu başa düşməlidir.
Dərin sosial-iqtisadi böhran, çoxsaylı cinayət təqibi faktları, siyasi rəqiblərin üstələnməsi istiqamətində atılan addımlar, son vaxtlar bir sıra qeyri-qanuni və Konstitusiyaya zidd olan dəyişiklikləri qüvvəyə mindirmək cəhdləri Ermənistanda sağlam demokratiya mühitinin inkişafı üçün çox böyük maneələr olduğunu göstərdi. Son hadisələr isə bir daha sübut etdi ki, Ermənistan təcavüzkar ərazi ekspansiyası siyasətini yürütməkdə davam edir.
Şübhəsiz ki, Azərbaycanın Tovuz rayonu istiqamətində gərginliyin artmasına görə məsuliyyət yalnız Ermənistanın üzərinə düşür. Bütün bunları nəzərə alaraq, Ermənistan hökumətini beynəlxalq ictimaiyyəti və öz xalqını çaşdırmamağa çağırıram. Azərbaycana qarşı aparılan təcavüzkar siyasət və status-kvonun möhkəmlənməsi cəhdləri heç zaman Ermənistanın arzuladığı nəticəni verməyəcək”.