CƏMİYYƏT
Deputat: Koronavirus ilə mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi onların əməyinə verilən yüksək qiymətdir
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Prezidentinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı hər şeydən əvvəl Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Hər kəsə bəllidir ki, koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, həkimlər xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda, bir qədər də təzyiq altında olurlar. Çünki hər birimizin onlardan gözləntilərimiz olduqca böyükdür. “Belə vəziyyətdə heç şübhəsiz ki, tibbi xidmət sahəsində fədakar əmək sərf edən vətəndaşlarımız əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar. Azərbaycan Prezidenti tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarının üç, beş dəfə artırılması da məhz bu kimi problemləri həll etmək istiqamətində atılan addımdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Onun sözlərinə görə, bu Sərəncam təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir. Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də Prezidentin Sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər.