SİYASƏT
Deputat: Müstəqil Azərbaycan Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir
Bakı, 9 may, AZƏRTAC
Dünya təcrübəsi göstərir ki, ölkəsinin, xalqının gələcəyini düşünən lideri olan dövlətlər yüksək inkişaf yolu keçir, gələcəyə böyük inamla addımlayır, imzalar içində imzası ilə fərqlənir. Onların adı tarixə əbədi olaraq həkk olunur, xatirələrdə, yaddaşlarda yaşayır və anıldıqca insana qürur, fəxr hissləri bəxş edir. Ümummilli Liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım söyləyib.
“Mayın 10-da ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Bu tarixi hər il xalqımız və dövlətimiz böyük təntənə, milli bayram səviyyəsində qeyd edir. Əlbəttə ki, bu da səbəbsiz deyil. Çünki müasir Azərbaycanın tarixi Ümummilli Liderimizin adı ilə bilavasitə bağlıdır. Heydər Əliyev bütün həyatını Azərbaycana və Azərbaycan xalqına həsr edib.
Bugünkü müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir”, - deyə F.Yıldırım qeyd edib.
Deputat vurğulayıb ki, Ulu Öndər bu gün cismən aramızda olmasa da, ruhu bizimlədir. Azərbaycan Ümummilli Liderin saldığı işıqlı yolla uğurla addımlayır. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Zəfərin qazanılması nəticəsində doğma Qarabağımızın 30 ilə yaxın işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu.
Bu gün hər bir Azərbaycan vətəndaşının Zəfərimizdən sonra daha fəxr və qürurla yaşadığını vurğulayan F.Yıldırım qeyd edib: “Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa etmiş müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Zəfərimiz bizə qürurumuzu qaytardı, gələcəyə əminliyimizi daha artırdı. İnanırıq ki, tarixi Zəfər qazanan Azərbaycan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlərə, zəfərlərə imza atacaq, müstəqil dövlətimiz daha da güclənəcək”.
“Qazanılan hər bir uğurun əsasında isə Heydər Əliyevin ideyaları, Onun müəyyənləşdirdiyi işıqlı yol dayanır. Ulu öndər Heydər Əliyev şərəfli həyat yolu, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri ilə hər bir azərbaycanlının qəlbində özünün əbədi abidəsini ucaldıb”.