SİYASƏT
Deputat: Qalib Azərbaycan Zəfər paradını qürurla nümayiş etdirəcək
Bakı, 9 dekabr, AZƏRTAC
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi oldu. Ermənistanın təslim olmasını təsdiqləyən birgə Bəyanatın imzalanması isə sübut etdi ki ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərə bildi ki, onun savaşı haqqın, ədalətin bərpası naminə idi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyan Azərbaycan böyük təntənə ilə müstəqillik tariximizin ilk Zəfər paradına hazırlaşır. Hər kəs səbirsizliklə öz hərbi texnikamızla yanaşı, darmadağın edilən düşməndən qənimət kimi əldə olunan hərbi texnikanın nümayiş olunacağı günü gözləyir.
“Bəli, erməni işğalı altında olan torpaqlarımız öz sahiblərinə qayıtdı, Azərbaycan Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu Qələbəni bizlərə yaşadan isə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsidir.
Azərbaycan qürurla mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük Zəfərini, yeni tarixə qədəm qoyduğunu 2020-ci il 10 dekabr tarixində Bakıda keçiriləcək hərbi paradda dünyaya rəsmən elan edəcək. Azərbaycan xalqı ədalətin bərpa edilməsini bayram edəcək. Dünya ictimaiyyəti Azərbaycan xalqının ölkə Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi bir olmağı, milli birliyi sayəsində dövlət müstəqilliyini əbədi və dönməz etdiyinin nümayişinə şahidlik edəcək”, - deyə deputat vurğulayıb.