ELM VƏ TƏHSİL


Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin baş direktoru professor Nadir Məmmədli 32 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb. Professor bildirib ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir.

1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.

Tədbirdə 20 Yanvar şəhidi Yusif Sadıqovun bacısı professor Sayalı Sadıqova qardaşı ilə bağlı xatirələrini bölüşüb.

İnstitutun icraçı direktoru dosent Baba Məhərrəmli, professor İsmayıl Məmmədli, dosentlər Elçin İsmayılov, Şəbnəm Həsənli Qəribova, Qüdsiyyə Qəmbərova xalqımızın qan yaddaşında dərin iz buraxmış Qanlı Yanvar faciəsindən danışıblar. Vurğulanıb ki, 20 Yanvar hadisəsi Vətən üçün canını fəda etməyin nümunəsini göstərdi.

Tədbirdə bildirilib ki, vaxtilə şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər. İndi ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.