ELM VƏ TƏHSİL
Dillər Universiteti Pakistan Müsəlman Araşdırmaları İnstitutu ilə əməkdaşlıq əlaqələri qurur
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Pakistanın Müsəlman Araşdırmaları İnstitutunun direktoru Sultan Əli Əhmədlə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Azərbaycanda Pakistana böyük sevgi və hörmət olduğunu diqqətə çatdırıb. Kalam Abdulla əlavə edib ki, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir. Mərkəzin açılış mərasimində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər iştirak edib. Analoji olaraq Pakistan Müasir Dillər Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi təşkil olunub və həmin mərkəzin açılışı olacaq. “İnanıram ki, sizin rəhbərlik etdiyiniz Pakistanın Müsəlman Araşdırmaları İnstitutu ilə əməkdaşlığımız gələcəkdə müxtəlif vacib layihələrin həyata keçirilməsi şəklində özünü göstərəcək”, - deyə rektor bildirib.
Sultan Əli Əhməd ADU-da Pakistan Mədəniyyət Mərkəzinin uğurlu fəaliyyətini yüksək dəyərləndirib: “Azərbaycanın Pakistandakı səfirliyi ilə sıx əlaqəmiz var. Xocalı soyqırımına həsr olunan tədbirlərdə iştirak edir, fikirlərimizi bölüşürük. Azərbaycan Dillər Universiteti xarici dillərin tədrisi sahəsində nüfuzlu ali məktəbdir və geniş beynəlxalq əlaqələri var. İnanıram ki, müxtəlif istiqamətlərdə yaxından əməkdaşlığımız real olacaq”.
Daha sonra qonaq Pakistan Mədəniyyət Mərkəzi ilə tanış olub.