ELM VƏ TƏHSİL
Distant təhsilin əhəmiyyətinə dair növbəti təlim
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin təbliği” adlı layihənin növbəti distant təlimi keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, distant təlimdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış mütəxəssislər, politoloqlar, gənc liderlər, regionda yaşayan və təhsil alan fəal gənclər, mərkəzin üzvləri və könüllüləri iştirak ediblər.
Distant təlimdə mərkəzin məsləhətçisi, dosent Yusif Ağayev, Dövlət İdarəçilik Akademiyası (DİA) İnformasiya-kommunikasiya texnologiyaları kafedrasının müəllimləri Atiq Əliyev, Səbinə Bəşirova, Sərxan Xudiyev, Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova, İqtisadi və Sosial Araşdırmalarına Yardım İctimai Birliyinin sədri Eyyub Kərimov, Bakı Mühəndislik Universitetinin tələbəsi Raya xanım Ağazadə, DİA-nın tələbəsi İlahə Balakişiyeva və başqaları çıxış ediblər.
Distant təlimdə çıxış edənlər postpandemiya dövründə onlayn təhsilin əhəmiyyətini, dünyanın rəqəmsal idarəetmə modelinə keçid dövrünü yaşadığını, yeni münasibətlər sisteminin formalaşdığına diqqət çəkiblər.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.