DÜNYA
Doğum göstəricisinin azalması nəticəsində yeddiyerli avtomobillər üçün subsidiyalar dayandırılacaqmı?
Budapeşt, 13 aprel, AZƏRTAC
Macarıstan Avtomobil Dilerləri Assosiasiyasında ümid edirlər ki, ölkə hökuməti tərəfindən çoxuşaqlı ailələrə dövlət dəstəyi elan edilməsi nəticəsində artıq cari ildə yeddiyerli minik avtomobillərinə tələbat artaraq 10 minə çata bilər.
AZƏRTAC xəbər verir ki, Assosiasiyanın prezidenti Qabor Qablininin M1 dövlət telekanalına müsahibəsində qeyd etdiyi kimi, dövlət xəzinəsindən subsidiyalar ayrılması nəticəsində dəyəri 6-8 milyon forint olan avtomobillərin satışı arta bilər.
Assosiasiya rəhbərinin sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, çoxuşaqlı ailələrin büdcələrinin məhdud olması səbəbindən, onlar əsasən 10-15 il istifadədə olmuş avtomobillər alırlar.
Xatırladaq ki, Macarıstan hökuməti ölkədə doğum göstəricisinin daha da azalmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin bir hissəsi kimi, 3 və daha çox uşağı olan ailələrə “sevensiterlər” (yeddiyerli avtomobillər) almaq üçün subsidiya verilməsi barədə qərar qəbul edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt