DÜNYA
Doha körfəz ölkələrini dialoqa çağırır
Bakı, 6 iyun, AZƏRTAC
Doha Qətərlə əlaqələri kəsən Fars körfəzi ölkələrinə münasibətdə cavab tədbirləri görməyəcək və onları dialoqa çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi Qətərin xarici işlər naziri Məhəmməd Abdurrahman Al Taniyə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, Qətər regionda gərginliyi azaltmaq naminə digər ölkələrin vasitəçiliyinə hazırdır. “Qətər inanır ki, qohum ölkələr arasında bu cür fikir ayrılığı dialoq yolu ilə həll olunmalıdır”, -deyə nazir vurğulayıb.
Bir qədər əvvəl Qətər əmirinin küveytli həmkarı ilə telefon danışığı olub. Söhbətdən sonra Qətər əmiri xalqa müraciətini təxirə salaraq, Küveytin vasitəçilik səylərinə imkan yaratmağı qərara alıb.
Xatırladaq ki, bazar ertəsi günü ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarını dəstəkləməkdə təqsirləndirərək onunla bütün əlaqələri kəsdiklərini bəyan ediblər. Gün ərzində onlara Yəmən, Maldiv adaları, Liviya və Mavrikiya ada dövləti də qoşulublar.