CƏMİYYƏT
Dohada “Bayraq Plaza” meydanında Azərbaycan üçün ayrılmış stenddə ölkəmiz haqqında məlumatlar yerləşdirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Dohada “Bayraq Plaza”nın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Qətərdə akkreditə olunan ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycan səfiri Rəşad İsmayılov iştirak edib.
Açılış mərasimində Qətər Silahlı Qüvvələrinin orkestri çıxış edib, daha sonra bu ölkədə akkreditə olunmuş 119 ölkənin, o cümlədən də Azərbaycanın dövlət bayrağı qaldırılıb.
“Bayraq Plaza” meydanında Azərbaycan üçün ayrılmış stenddə ölkəmiz haqqında qısa məlumatlar - üçrəngli bayraq, ölkə əhalisi, ərazisi, rəsmi dili və Qarabağ atları haqqında məlumat yerləşdirilib.
Həmçinin “Bayraq Plaza” meydanı ərazisində quraşdırılmış böyük monitorlarda oktyabrın 7-də Azərbaycanın mədəniyyəti, musiqisi, adət-ənənələri, turizm məkanları və təbiəti haqqında videoçarx nümayiş etdiriləcək.