İQTİSADİYYAT
Doqquz ayda 156,8 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 9 ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 156,8 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 13,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 53,9 faiz artıb.
Hesabat dövründə ötən ilin yanvar-sentyabr aylarına nisbətən stolüstü kompüterlərin istehsalı 5,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 41,6 faiz, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 75,2 faiz çoxalıb.