REGİONLAR
Doqquz ayda Şəkidə əsas kapitala 82 milyon manata yaxın investisiya yönəldilib
Şəki, 30 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Şəki rayonunda 409 milyon 211,9 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Doqquz ayda rayonda istehsal və qeyri-istehsal sahələrinin inkişafına bütün maliyyə mənbələri hesabına 81 milyon 981,5 min manat investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş investisiyanın 73 milyon 555,2 min manatı və ya 89,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında rayonda faktiki qiymətlərlə 26 milyon 929,7 min manatlıq sənaye və 192 milyon 643,1 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 334 milyon 753,7 min manat təşkil edib. Doqquz ayda əhaliyə 67,4 milyon manatlıq ödənişli xidmətlər göstərilib.