REGİONLAR
Dövlət Baytarlıq Xidməti: Qazax rayonunda 21710 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlərlə yanaşı, mal-qara və quşlar yetişdirilən, saxlanılan binaların, dezinfeksiyası və dezinseksiyası aparılır. Həmçinin rayonda mütəmadi olaraq diri heyvanların satışı aparılan 2200 kvadratmetr sahəsi olan mal bazarı və “Qırmızı Körpü” Sərhəd Keçid Məntəqəsinin Şıxlı kəndi ərazisində yerləşən terminalında Gürcüstan və digər ölkələrdən kəsim məqsədi ilə gətirilmiş heyvanların boşaldığı ərazi dezinfeksiya edilir.
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin müvafiq dövründə Qazax rayonunda 21710 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılıb.
Rayonda epizootik sabitliyi qorumaq məqsədilə “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun olaraq, rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Qazax Rayon Baytarlıq İdarəsinin əməkdaşları cari ildə həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkarlamaq, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə iribuynuzlu və xırdabuynuzlu heyvanlardan bruselyoz və infeksion epididemit xəstəliyinə görə qan nümunələri alaraq müayinə ediblər. Eləcə də iribuynuzlu heyvanlarda vərəmə (tuberkulinizasiya) və atlarda manqo xəstəliyinə görə (malleinizasiya) alleroji müayinələr aparılıb və yoluxma aşkarlanmayıb.
Bununla bərabər, il ərzində 31406 baş iribuynuzlu, 140948 baş xırdabuynuzlu, 6437 baş cavan iribuynuzlu, 1153 baş təkdırnaqlı heyvanda qarayara, 53596 baş iribuynuzlu, 92420 baş xırdabuynuzlu heyvanda dabaq, 33310 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 5601 baş iribuynuzlu,1183 baş xırdabuynuzlu heyvanda leptospiroz,115839 baş xırdabuynuzlu heyvanda çiçək, 23593 baş xırdabuynuzlu heyvanda (“Rev-1” vaksini), 4882 baş iribuynuzlu heyvanda (“Ştamm-19”) bruselyoz, 5854 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 214255 başda “La-sota” vaksini, 219506 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Hazırda Qazax Rayon Baytarlıq İdarəsində növbəti il üçün nəzərdə tutulmuş heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini təmin etmək məqsədilə hazırlıq işlərinə başlanıb.
Hər il olduğu kimi, növbəti ildə də dövlət vəsaiti hesabına alınan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına pulsuz tətbiq ediləcək.