İQTİSADİYYAT
Dövlət Dəniz Akademiyasının tələbləri “Sabit Orucov” gəmisində təlim keçib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisaslarında təhsil alan I kurs tələbələri üçün “Sabit Orucov” tədris gəmisində təlim keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə “Xilasedici vasitələr, yanğınla mübarizə və gəminin yaşaması üzrə hazırlıq” fənninin proqramına uyğun olaraq fərdi və kollektiv şəkildə gəmidə yanğın zamanı zəruri fəaliyyət, daimi sayıqlıq, yanğın və tüstünün aşkarlanması, yanğına qarşı avadanlıqlar və onların gəmidə yerləşdirilməsi, qəza zamanı evakuasiya yollarından istifadə tələbələrə əyani nümayiş etdirilib. İkigünlük təlim Akademiyanın “Dəniz naviqasiyası“ kafedrasının baş müəllimi İsmayıl Dünyamalıyevin rəhbərliyi altında baş tutub.
Növbəti həftələrdə “Sabit Orucov” gəmisində “Xilasedici vasitələr, yanğınla mübarizə və gəminin yaşaması üzrə hazırlıq” fənninin proqramına uyğun ilk tibbi yardım üsullarına dair I kurs tələbələri üçün təlimlər keçiriləcək.