REGİONLAR
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO
Qusar, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 30-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.
Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonundan qəbula gələn sakinlərin müraciətləri əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.
DİM-in səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.
Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.