CƏMİYYƏT
Dövlət Komitəsində uşaqların hüquqlarının müdafiəsi ilə bağlı görüş keçirilib
Bakı, 9 yanvar, AZƏRTAC
Uşaqların cəmiyyətdə üzləşə biləcəyi zorakılıq hallarından müdafiəsi, onların öz hüquqlarını bilməsi və müdafiəsi ilə bağlı bacarıqlarının artırılması bu gün aktual məsələlərdən biridir. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) mütəmadi olaraq uşaqların iştirakı ilə onların hüquqlarının müdafiəsi üzrə müzakirələr aparır, hüquqla bağlı problemlərinin həlli sahəsində maarifləndirmə işi həyata keçirir.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 9-da Komitədə uşaq hüquqları ilə bağlı növbəti görüş keçirilib. Görüşdə Komitə sədrinin müavini Aynur Sofiyeva müasir dövrdə uşaq hüquqlarının müdafiəsi sahəsində aktual məsələlər barədə məlumat verib, ailədaxili münasibətlərin uşaqların tərbiyəsinə təsiri, cəmiyyətdə azyaşlılara qarşı zorakılıq hallarının səbəbləri, onların gündəlik həyatda üzləşə biləcəyi xoşagəlməz hadisələrdən müdafiəsi ilə bağlı fikirlər səsləndirib.
Tədbirdə uşaqlar öz hüquqları, onları narahat edən məsələlər barədə çıxışlar edib, təkliflər irəli sürüblər. Çıxış edənlər uşaqların təhlükəsizliyində valideynlərin və böyüklərin rolunu vacib hesab edərək, onların hüquqlarının müdafiəsində özlərinin daha fəal olmalarının əhəmiyyətini vurğulayıblar. Uşaqlar xüsusilə regionlarda onların zorakılıq hallarından müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini və nəzarət tədbirlərinin gücləndirilməsini, fikirlərinə hörmətlə yanaşılması məqsədilə ailələrlə maarifləndirmə işlərinin aparılmasını, eləcə də azyaşlılara qarşı cinayət törədənlərin cəzalandırılması ilə əlaqədar qanunvericiliyin sərtləşdirilməsi barədə təkliflərini səsləndiriblər.
Aynur Sofiyeva uşaqların fikirlərinə və təkliflərinə münasibət bildirərək, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması üçün təhsil aldıqları məktəbdə, ictimai həyatda fəal olmaları barədə tövsiyələrini verib.