CƏMİYYƏT


Dövlət Komitəsinin əməkdaşları Qarabağdakı “N” saylı hərbi hissədə olublar VİDEO

Bakı, 4 iyul, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaradılmasının 20 illik yubileyi münasibətilə Qarabağdakı “N” saylı hərbi hissədə “Gücümüz birliyimizdədir” adlı möhtəşəm bayram tədbiri və konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin milli kimlik və diaspor haqqında tarixi çıxışlarını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi haqqında fikirlərini, Avropada Qarabağla bağlı keçirilən izdihamlı mitinqləri və aksiyaları, mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutan Dünya Azərbaycanlılarının V Qurultayını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Konsertdə Komitə əməkdaşları, xarici ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrindən ibarət sənətçi qrupları və tanınmış incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, Azərbaycan diasporunun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu, Vətən müharibəsi və postmüharibə dövründə diasporun fəaliyyəti, Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərə göstərilən maddi və mənəvi dəstək barədə məlumat verib. Komitənin 20 illik yubileyinin azad olunmuş Qarabağda keçirilməsinin çox böyük əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.

Bədii hissə ilə davam edən tədbirdə diaspor fəalları - xanəndə, İkinci Muğam Televiziya Müsabiqəsinin qalibi Güllü Muradova (Almaniya), xanəndə Zahid Quliyev (Almaniya), Azərbaycanın Əməkdar artisti, İstanbul Filarmoniyası Orkestrinin daimi dirijoru, bəstəkar və pianoçu, Turan Manafzadə (Türkiyə), Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, xanəndə Rəvanə Qurbanova, estrada müğənnisi, “Səs Azərbaycan” beynəlxalq televiziya müsabiqəsinin qalibi Emiliya Yaqubova (Böyük Britaniya), müğənni Nailə İmran (Qazaxıstan), kamança ifaçısı, San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru, diaspor fəalı İmamyar Həsənov (ABŞ), tarzən Rüfət Həsənov, yəhudi əsilli kamança ifaçısı Salman Rabayev (İsrail), eləcə də gitara ifaçısı Cavid Məmmədov, “Bu şəhərdə” teatrının aktyorları, Azərbaycan Dövlət Rəqs Ansamblının və “Ritm” rəqs qrupunun solistləri çıxış ediblər.

Konsert proqramı, o cümlədən Azərbaycan əsgərinin Turan Manafzadə ilə birlikdə “Sarı gəlin” xalq mahnısını ifa etməsi, hərbçilərimizin Komitənin yubileyi münasibətilə hazırladıqları döyüş şousu böyük maraq və alqışlarla qarşılanıb.

Yubiley tədbiri xalqımızın birliyinin və həmrəylinin rəmzi olan “Yallı” milli rəqsinin birgə ifası ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.