ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universitetində plan yerləri 98,6 faiz dolub
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-dan Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunmuş tələbələrin qeydiyyata alınmasına başlanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADPU-ya 22 ixtisas üzrə 2225 plan yerinə 2193 nəfər qəbul olunub. Coğrafiya müəllimliyi ixtisasında rus bölməsində 11 yer, fizika müəllimliyi ixtisasında rus bölməsində 12 yer və məktəbəqədər təlim və tərbiyə ixtisasında rus bölməsində 9 yer, ümumilikdə isə 32 yer boş qalıb. Beləliklə, ADPU-da plan yerləri 98,6 faiz dolub. Keçən il universitetdə plan yerləri 97,18 faiz dolub.
Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Universitetdə yaradılan sənəd qəbulu komissiyası ADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı 1 nömrəli tədris binasında şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 9-dan 17-dək fəaliyyət göstərir.
Qeyd edək ki, bu il ADPU-da tələbələrin qeydiyyata alınması zamanı bir yenilik tətbiq edilib. Belə ki, tələbələr arasında sorğu keçirilir və həmin sorğuda onların anket göstəriciləri, niyə ADPU-nu seçmələri, universitet haqqında bilgiləri, hansı ixtisasa qəbul olunmaları, bu ali məktəb haqqında ilk təəssüratları barədə məqamlar əksini tapıb.
Plana əsasən ilk tədris ili tələbələr üçün sentyabrın 15-də fakültələrdə və filiallarda orientasiya təqdimatlarının təşkili nəzərdə tutulur. “Bilik günü”nün yeni tədris ilinin ilk dərs günü - sentyabrın 17-də keçirilməsi planlaşdırılır.