CƏMİYYƏT


Dövlət Sərhəd Xidməti: Axtarışda olan 220 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilib

Bakı, 1 oktyabr, AZƏRTAC 

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 3 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək, 1 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb. Həmçinin 220 nəfər axtarışda olan şəxs saxlanılaraq aidiyyəti hüquq mühafizə orqanlarına təhvil verilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Moskva reysi ilə ölkəmizdən getmək istəyən Pakistan vətəndaşı, 1969-cu il təvəllüdlü İqbal Zahidin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş İspaniyaya məxsus şengen vizasının və daimi yaşayış kartının saxta olduğu müəyyən edilib.

Sentyabrın 16-da “Samur” dövlət sərhədinin buraxılış məntəqəsində Rusiyadan Azərbaycana gələn Özbəkistan vətəndaşı, 1984-cü il təvəllüdlü Yakubov Müzəffər Muxtaroviçin əl çantasından və üzərindən ümumi çəkisi 115 qram gümüş, 53 qram qızıl olan 23 ədəd zərgərlik məmulatları aşkarlanıb.

Sentyabrın 21-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə gələn Hindistan vətəndaşı 1993-cü il təvəllüdlü Kandasamy Sreekanthının sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğu şübhə doğurmuş və laboratoriya şəraitində yoxlanılaraq təsdiqini tapıb. Baxış zamanı saxlanılan şəxsin üzərindən ona məxsus olan 1993-cü il təvəllüdlü Ganeshalingam Manojhpirabanın adına Şri-lanka pasportu aşkarlanıb.

Sentyabrın 21-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə ölkəmizə gələn Hindistan vətəndaşı 1975-ci il təvəllüdlü Ramasamy Subramaniamın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması şübhə doğurub və bu, laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapıb. Saxlanılan şəxsin üzərindən ona məxsus olan 1980-ci il təvəllüdlü Palaiah Kamalakannanın adına Şri-Lanka pasportu aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

DSX tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd nəzarəti tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.