CƏMİYYƏT


Anım Günü ilə əlaqədar Dövlət Sərhəd Xidmətində tədbir keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli Zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan Anım Günü münasibətilə tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.

Saat 12:00-da Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq Qələbəsi ilə başa çatdığını, tarixi Zəfərimizin təmin edildiyini vurğulayıb.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd olunub.

Torpaqlarımızın azad edilməsi uğrunda haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin heyəti arasında şəhadət zirvəsinə ucalan, yaralananların olması qeyd edilib, bizlərə Qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman rəhmətlə və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasını qədirbilən xalqımızın daim uca tutacağı vurğulanıb.

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilib, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, xüsusi orden, medal və fəxri adların təsis edildiyi qeyd edilib.

Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunacağı, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə ediləcəyi ifadə olunub.

Tədbirin sonunda DSX-nin şəxsi heyəti Vətən müharibəsinə həsr olunmuş “44 gün 44 an” sənədli filmini izləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.