REGİONLAR
Dövlət Sərhəd Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul edib
Füzuli, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev oktyabrın 27-də Horadiz sərhəd dəstəsində Füzuli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib.
Vətəndaşlar əsasən DSX-də xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, sərhədçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı vətəndaşların müraciət, şikayət və təkliflərinin əksər hissəsi araşdırılaraq yerindəcə həll olunub. Digər müraciətlərin öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib. Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edib və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.