İQTİSADİYYAT
Dövlət Vergi Xidməti “Asan İmza”nın məxfiliyinin qorunmasına dair vergiödəyicilərinə müraciət edib
Bakı, 17 iyun, AZƏRTAC
“Asan İmza” (Mobil imza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. “Asan İmza” (Mobil imza) bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə DVX-nin vergiödəyicilərinə müraciətində bildirilir.
Müraciətdə deyilir: “9 mart 2004-cü il tarixli 602-IIQ nömrəli Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər.
Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.
Odur ki, adınızdan sizdən xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi məqsədilə Asan imza Sim kartınızın və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir!”.