CƏMİYYƏT
Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına İdman Sarayında təlim keçirib
Bakı, 19 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti iyunun 19-da Heydər Əliyev adına İdman Sarayında “Tamaşa müəssisələrində yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlimi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlim insanların kütləvi toplaşdıqları yerlərdə, o cümlədən idman və mədəniyyət müəssisələrində yanğın baş verdikdə texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini, yanğın yerinə gələnə qədər texnikanın qarşılanmasını, yerləşdirilməsini və onların idarə olunmasını, yanğın zamanı rabitə və arxa sahənin təşkilini, döyüş əməliyyatları zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasını məşq etdirmək məqsədilə keçirilib.
Təlimdən əvvəl Heydər Əliyev adına İdman Sarayının əməliyyat-taktiki xüsusiyyətlərinin, mövcud rabitə vasitələrinin, su təchizatının öyrənilməsi, bu tip obyektlərdə baş vermiş yanğınların söndürülməsi taktikasının təhlili, cəlb edilən qüvvə və vasitələrin təyini, şəxsi heyətin hazırlığı və təlimin maddi-texniki təchizatının təmin olunması ilə bağlı zəruri tədbirlər həyata keçirilib. Həmçinin obyektin texnoloji xüsusiyyətləri, mühafizə olunan bina və tikililərindəki tikinti konstruksiyalarının yanğın təhlükəliliyi və digər mühüm əhəmiyyətli xüsusiyyətləri öyrənilib.
Tədbirdən öncə yanğın avtomobillərinin texniki silahlarla komplektləşdirilməsi, onların sazlığı və istismar zamanı etibarlılığı yoxlanılıb, zəruri olan digər hazırlıq işləri görülüb.
Təlim zamanı sarayın zirzəmisində şərti yanğının söndürülməsi üçün müəyyənləşdirilmiş plan üzrə zəruri tədbirlər keçirilib. İki saylı çağırışla təlimə cəlb olunmuş Bakı şəhərinin Nəsimi, Yasamal, Binəqədi rayon yanğından mühafizə qurumlarının müvafiq qüvvə və vasitələri tərəfindən şərti yanğın tam ləğv edilib, müvafiq xilasetmə-təxliyə işləri həyata keçirilib.
Sonda yanğın-taktiki təlim yekunlaşdırılaraq əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tövsiyələr və tapşırıqlar verilib.