REGİONLAR
Dövlət orqanlarında avadanlıqların texniki servis xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə təlim təşkil olunub
Naxçıvan, 2 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi müvafiq tapşırıqların icrasını təmin etmək üçün dövlət orqanları və müəssisələrində mövcud avadanlıqların işləkliyinin təmin olunması və texniki servis xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə təlim keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimdə “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixtisaslı mütəxəssisləri təlimçi qismində cəlb olunmaqla, aidiyyəti təşkilatlardan avadanlıqlara nəzarət üzrə məsul şəxslər iştirak edib.
Hər bir texniki xidmət üzrə ayrı keçirilməsi nəzərdə tutulan təlimlər iki moduldan ibarət olmaqla, ilkin mərhələdə nəzəri, ikinci mərhələdə isə praktik olaraq təşkil edilib.
Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə təlimin zəruriliyindən danışaraq, iştirakçılara ümumi məlumat verib.
“Gəmiqaya Şirkəti”nin mütəxəssisi tərəfindən təlim iştirakçıları məlumatlandırılıb, sonra isə avadanlıqlara iş şəraitində praktik baxış keçirilib.
Növbəti günlərdə soyutma sistemlərinə, istilik qazanlarına, elektrik requlyatorlarına, UPS və generatorlara ümumi xidmət göstərilməsi və profilaktik müdaxilələr istiqamətində təlimlər təşkil ediləcək.
Qeyd edək ki, təlimlərin sonunda iştirakçılara müvafiq sertifikatlar və avadanlıqların iş prinsipinə dair təlimatlar təqdim olunacaq.