ELM VƏ TƏHSİL
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 6-sı isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Hesablama Palatasında sektor müdiri və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Qida Təhlükəsizliyi Agentliyində regional bölmənin rəhbəri vəzifələridir. Ümumilikdə isə Hesablama Palatasında 5, Qida Təhlükəsizliyi Agentliyində 5, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 11 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.
Müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 5-dən martın 7-si saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.