ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Bakı, 20 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə iyulun 21-də saat 10.00-da başlayacaq.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün online qeydiyyat iyulun 21-də saat 9.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.