ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə: sınaq imtahanlarına qeydiyyat davam edir
Bakı, 31 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 7-də və 17-də keçiriləcək sınaq imtahanları saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak etmək üçün online qeydiyyat müvafiq olaraq noyabrın 7-də və 17-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.
Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”dəki hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.