İQTİSADİYYAT
Dövlət sektorunda çalışanların əməkhaqlarının 200 manatdan yuxarı hissəsindən 14 faiz dərəcə ilə vergi tutulur
Bakı, 11 fevral, AZƏRTAC
Bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əməkhaqqının 8000 manatadək olan hissəsindən vergi tutulmur. Bu güzəşt dövlət qulluqçularına da şamil edilirmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir və bu sektorda əməkhaqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Lakin son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırılıb. Artıq bu ildən əməkhaqqının 200 manatdan yuxarı olan hissəsindən 14 faiz dərəcə ilə vergi tutulur.