MƏDƏNİYYƏT
“Dövlətçilik tariximizin qürurlu səhifəsi” adlı tədbir təşkil olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzi və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Dövlətçilik tariximizin qürurlu səhifəsi” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqlar Mərkəzin muzey bölməsi ilə tanış olublar, ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.
Mərkəzin baş fond mühafizi Nigar Hüseynova qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki yeri ölkəmizin qısa müddətdə qazandığı mühüm nailiyyətlərin miqyası qədər böyükdür: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə də Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə apardığı məqsədyönlü siyasətin nəticəsi idi”.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxışı zamanı 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edib. Həmçinin Anım Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında keçirilən güllə atıcılığı, şahmat üzrə blits-turniri, eləcə də rəsm və inşa-yazı müsabiqələri haqqında ətraflı məlumat verib.
Sonda müsabiqələrin qalibləri mükafatlandırılıb.