İQTİSADİYYAT


Dünya Bankı gələcəkdə də islahatların reallaşdırılmasında Azərbaycana dəstək göstərəcək

Bakı, 21 aprel, AZƏRTAC

Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında videoformatda görüş keçirilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, E.Rüstəmov ölkəmiz ilə DB arasında uzunmüddətli strateji əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb. Sonra ölkədə iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən bəhs edərək bildirib ki, 2020-ci ildə bütün ölkələr kimi Azərbaycan da mürəkkəb çağırışlarla üzləşib. Qlobal bazarlarda baş verən proseslər, neft qiymətlərində volatillik və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ötən il ölkəmiz üçün bütövlükdə uğurlu il olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub. Hazırda ölkədə yeni nəsil islahatlara start verildiyi və növbəti 10 il üçün müəyyən olunmuş milli prioritetlərin DB ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üçün yeni istiqamətlər açdığı qeyd olunub.

Qeyd edilib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına yönəlib. İslahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə DB ilə əməkdaşlıq daima mühüm rol oynayıb və əminlik ifadə olunub ki, Dünya Bankı strateji tərəfdaş kimi gələcəkdə də islahatların reallaşdırılmasında Azərbaycana dəstək göstərəcək.

A.Byerde, öz növbəsində, Dünya Bankının Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olmasından öz məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, 2020-ci il həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb. Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq yeni iqtisadi strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. DB üçün də hazırda ən mühüm əməkdaşlıq istiqaməti yeni strategiyanın formalaşdırılmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə zəruri dəstəyin göstərilməsidir. Strategiyada müəyyənləşdirilmiş istiqamətlər DB-nin Ölkə Tərəfdaşlıq Çərçivəsinin formalaşdırılmasında da əsas kimi götürülməsi nəzərdə tutulur.

O vurğulayıb ki, DB Maliyyə Sektorunun Qiymətləndirilməsi və Maliyyə Sektorunun Modernizasiyası layihələri çərçivəsində Azərbaycan maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək. Eyni zamanda, rəqəmsal transformasiya ilə bağlı ölkəmizə, o cümlədən Mərkəzi Banka lazımi dəstəyin göstərilməsinə hazırlıq ifadə edilib.

Görüşdə Mərkəzi Bank ilə Dünya Bankı arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda DB-nin dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.