CƏMİYYƏT
Dünya Bankının regional direktoru ilə görüşdə ölkəmizdə məşğulluq imkanlarının genişləndirilməsi ilə əlaqədar müzakirə aparılıb
Bakı, 30 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlıq müstəvisində hazırda görülən işləri və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etməkdir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ötən dövrdə nazirliklə Dünya Bankının birgə layihələrinin ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrinin təkmilləşdirilməsi üçün aparılan islahatlarda mühüm dəstək rolunu oynadığını vurğulayıb. Nazir müavini həmçinin Dünya Bankının ölkəmizlə bağlı İş Yerlərinin Diaqnostikası üzrə missiyasının əhəmiyyətini qeyd edib.
Tədbirdə ölkəmizdə məşğulluq imkanlarının genişləndirilməsi sahəsində həyata keçirilən aktiv əmək bazarı tədbirlərindən, sosial yardım proqramından faydalanan ailələrin əmək qabiliyyətli üzvlərinin tədricən kiçik biznesə çıxışının dəstəklənməsi üçün icra olunan özünüməşğulluq proqramından bəhs olunub. Nazir müavini yeni hazırlanan məşğulluq strategiyasının layihəsi, əmək bazarı ilə bağlı monitorinq və proqnozlaşdırma sisteminin (Milli Bacarıqlar Observatoriyasının) yaradılması üçün aparılan işləri də diqqətə çatdırıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Azərbaycanda sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçid prosesinin rəğbətlə qarşılandığını, Dünya Bankının İş Yerlərinin Diaqnostikası üzrə missiyasının eyniadlı hesabatında bu sahədə ölkəmizdə görülən işlərin də əksini tapacağını bildirib. O, aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin kiçik biznes imkanlarına yiyələnmələri sahəsində görülən işlərdə də birgə fəaliyyətin mümkünlüyünü diqqətə çatdırıb.
Görüşdə Dünya Bankının İş Yerlərinin Diaqnostikası üzrə missiyasının eyniadlı hesabatının hazırlanması ilə bağlı məsələlərə, əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasına dair fikir mübadiləsi aparılıb.