CƏMİYYƏT


Dünya Meteorologiya Təşkilatı: İqlim dəyişmələrinin fiziki təzahürü və sosial-iqtisadi təsirləri güclənir

Bakı, 12 aprel, AZƏRTAC

Dünya Meteorologiya Təşkilatının (DMT) yeni hesabatına görə, iqlim dəyişmələrinin fiziki təzahürü və sosial-iqtisadi təsirləri güclənir. Buna istixana qazlarının rekord qatılıq dərəcəsinin qlobal temperaturun daha təhlükəli səviyyəyə qalxmasına gətirib çıxarması səbəb olur.

İqlim barədə ilk sənədinin 25 illiyinin qeyd olunduğu DMT-nin 2018-ci ildə qlobal iqlim vəziyyəti barədə bəyanatında dəniz səviyyəsinin rekord dərəcədə qalxması, həmçinin quru və okean səthində son 4 ildə yüksək temperaturun olduğu vurğulanır.

AZƏRTAC DMT-nin saytına istinadla xəbər verir ki, istiləşməyə olan bu meyil əsrin əvvəllərindən müşahidə olunur və bunun davam edəcəyi gözlənilir.

“Bəyanatın ilk dəfə nəşrindən ötən müddətdə iqlim barədə elm temperaturun qlobal yüksəlməsi və dəniz səviyyəsinin artması, dəniz buzunun ölçüsünün azalması, buzlaqların çəkilməsi və ekstremal hadisələrin əmələ gəlməsi (məs: isti axını) kimi yanaşı gedən proseslərin aktivləşməsi barədə inandırıcı sübutlar təqdim etməklə etibarlılığın görünməmiş səviyyəsinə çatıb”, - deyə DMT-nin baş katibi Pettri Taalas bəyan edib.

İqlim dəyişmələrinin bu əsas göstəriciləri getdikcə daha aydın ifadə edilir. Karbon qazının dərəcəsi 1994-cü ildə, bəyanat ilk dəfə nəşr olunan zaman 1 milyonda 357,0 hissə təşkil edirdi. Bu göstərici artmaqda davam edərək 2017-ci ildə 1 milyonda 405,5 hissəyə çatıb. 2018-ci və 2019-cu illərdə istixana qazlarının qatılıq dərəcəsinin daha çox artacağı gözlənilir.

DMT-nin iqlimin vəziyyəti barədə bəyanatına milli meteorologiya və hidroloji xidmətlər, elm sahəsində ekspertlərin geniş dairəsi və Birləşmiş Millətlər Təşkilatının idarələri tərəfindən təqdim olunan materiallar daxil edilib. Bəyanatda iqlimlə bağlı risklər, onların sağlamlığa və insanların rifahına, əhalinin miqrasiyasına və yerdəyişməsinə, ərzaq təhlükəsizliyinə, ətraf mühitə, okean və yerüstü ekosistemə təsiri ətraflı təsvir edilir. Həmçinin bütün dünyada baş verən ekstremal hava hadisələri kataloqlaşdırılır.

“Ekstremal hava hadisələri 2019-cu ilin əvvəlində davam edib, onlardan sonuncusu Mozambik, Zimbabve və Malavidə dağıdıcı daşqınlar və insanların faciəli ölümü ilə nəticələnən “İday” tropik siklonudur. Bu, Cənub yarımkürəsində hava ilə bağlı ən ölümcül fəlakətlərdən biri sayıla bilər”, - deyə Taalas bildirib.

Bu ilin əvvəlində, həmçinin rekord dərəcədə yüksək sutkalıq qış temperaturu Avropada, qeyri-adi soyuqlar Şimali Amerikada və bürkülü isti axını Avstraliyada qeydə alınıb. Arktika və Antarktika buzlaqlarının uzunluğu yenə də orta səviyyədən xeyli aşağı olub.

DMT-nin qlobal iqlim mövsümü (mart ayından mayadək) üzrə sonuncu informasiya bülleteninə görə, dəniz səthi temperaturunun qismən Sakit okeandakı zəif “El-Nino” hadisəsi səbəbindən orta səviyyədən yuxarı olması quruda, xüsusən də tropik en dairəsində temperaturun normadan yuxarı qalxmasına gətirib çıxaracağını göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.