CƏMİYYƏT


Dünya Səhiyyə Təşkilatı: Qızılca ötən il 140 min insanın həyatına son qoyub

Cenevrə, 6 dekabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, ötən il qızılca virusu dünyanın müxtəlif ölkələrində 140 min insanın həyatına son qoyub. Bu isə 2017-ci illə müqayisədə 16 min nəfər çoxdur.

AZƏRTAC xəbər verir ki, ötən illərdə bu yoluxucu xəstəliyə qarşı uğurla mübarizə aparılsa da, hazırda vəziyyət dəyişib. Əsasən Afrika ölkələrində yoluxma hallarının sayı kəskin şəkildə artıb.

Beynəlxalq təşkilatın hesablamalarına görə, 2018-ci ildə dünyada 9,8 milyon qızılcaya yoluxma halı qeydə alınıb. Öncəki il isə bu göstərici 7,6 milyona bərabər olub.

Virusun təsiri nəticəsində ölənlərin böyük əksəriyyətini beş yaşadək körpələr təşkil edir. Dünyanın bir çox ölkəsində qızılcaya yoluxmanın icbari qeydiyyatı aparılmadığına görə DST həm yoluxma, həm də ölüm hallarını təxmini statistika əsasında hazırlamağa məcburdur.

DST və BMT-nin Uşaq Fondunun hesablamalarına görə, 2018-ci ildə dünyada uşaqların 86 faizinə qızılcaya qarşı peyvənd vurulub. Peyvəndin ikinci mərhələsi isə uşaqların 70 faizini əhatə edib. Peyvənd kvotasının bütün əhalini əhatə edə bilməməsi və peyvənd müdafiəsinin natamamlığı son nəticədə virusun sürətlə yayılmasına gətirib çıxarır.

DST-yə görə, Konqo Demokratik Respublikası, Liberiya, Madaqaskar, Somali və Ukrayna epidemiyanın əsas ocaqları hesab olunur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.