DÜNYA
Dünyada rəhbər vəzifə tutan qadınların sayı hələ də azdır
Tokio, 8 mart, AZƏRTAC
Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünyada rəhbər vəzifə tutan qadınların sayının hələ də az olduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə dərc etdiyi hesabatda məlumat verilib. Bildirilib ki, 2018-ci ilin nəticələrinə əsasən, qadınlar rəhbər vəzifələrin yalnız 27,1 faizini tutublar. Bu rəqəm son 30 ildə dayanmadan artsa da, hələ də aşağı səviyyədə qalır.
Sənəddə qeyd edilib ki, bu göstərici üzrə inkişaf etmiş ölkələr arasında ABŞ (39,7 faiz) birinci, Böyük Britaniya (35,9) ikinci, Kanada (35,3) üçüncü yeri tutur. Yaponiya rəhbər vəzifələrdə işləyən qadınların sayına görə 12 faiz göstərici ilə axırıncı yerdə qərarlaşıb.
Yaponiya “Böyük yeddilik” ölkələri arasında fond birjasında qeydiyyatdan keçmiş şirkətlərin direktorlar şurasında qadınların sayına görə də digər ölkələrdən geri qalır. Belə ki, 2016-cı ilin göstəricilərinə görə, bu ölkə 3,4 faizlə axırıncı yeri tutur. Həmin göstəriciyə görə Fransa 37 faizlə birinci, İtaliya 30 faizlə ikinci, Böyük Britaniya və Almaniya 27 faizlə üçüncü yerdə qərarlaşıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio