MƏDƏNİYYƏT
Dünyada yeganə Mexaniki Kuklalar Teatrı Milad bayramına qədər bərpa olunacaq
Madrid, 15 avqust, AZƏRTAC
“Priceuna” sirkinin anqarında 1920-ci ildən İspaniya yarmarkalarını gəzib dolaşan unikal Mexaniki Kuklalar Teatrının bərpası işlərinə başlanıb.
AZƏRTAC xəbər verir ki, 37 mexaniki aktyorun İsveçrə saatları kimi dəqiq hərəkətləri 2014-cü ildə bir neçə il müddətinə dayandırılıb. Kuklaları yaradan rəssam Qonsalo Kanyas onları Madrid bələdiyyəsinə vəsiyyət edib.
Hər bir kuklanın təqribən 50 müxtəlif hərəkət icra edən daxili aparatı mərkəzi dişli mexanizmdən ibarətdir. Bu mexanizmdən hər tərəfə məftillər ayrılır. Əvvəllər kuklaların bədənini velosipedin köməyi ilə əldə olunan elektrik cərəyanı hərəkətə gətirirdi, sonralar onu elektrik mühərriki əvəzlədi.
Teatr bütün tarixi ərzində 100 min saat işləyib. Şübhəsiz ki, bu müddət ərzində onun mexanizmləri aşınıb və bir çox detallarını yeniləməyə ehtiyac yaranıb. Q.Kanyas 1992-ci ildə teatrı təmin etdikdən sonra onun tamaşalarına İspaniyanın və ümumilikdə Avropanın 143 şəhərində 785.736 tamaşaçı baxıb.
Budur Madrid bələdiyyəsi bir neçə il fasilədən sonra nəhayət bu teatrın bərpası işlərinə start verib. Layihə 111.590 avro məbləğində qiymətləndirilir. Bərpa işlərini sentyabrın 27-dək başa çatdırmaq nəzərdə tutulur. Tamaşaçılar teatrı Milad bayramı günlərində və İspaniya paytaxtının ən iri tədbirlərində, məsələn, San-İsidro bayramında görəcəklər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid