CƏMİYYƏT
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir
Bakı, 20 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiyanın Qərbi Finlandiya, Rusiyanın Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi və atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrailin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, diri atların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi əsas götürülərək xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair, Cənubi Afrika Respublikası, Finlandiya və Rusiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.