REGİONLAR
Dünyanı uşaqlar üçün qoruyaq
Lənkəran-Cəlilabad, 2 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda və Cəlilabadda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram sevinci ilə qeyd olunub.
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində əlamətdar gün münasibətilə bayram şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.
Bayram şənliyində şagirdlərin, balacaların və uşaq musiqi məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən şən mahnılar və rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Uşaqların bir qrupuna fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Heydər Əliyev xatirə parkında, uşaq evində, orta ümumtəhsil məktəblərində və uşaq bağçalarında da rəngarəng tədbirlər keçirilib.
x x x
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Dünyanı uşaqlar üçün qoruyaq” devizi altında keçirilən tədbirdə orta ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, uşaqları qorumaq, onların qayğısına qalmaq hər birimizin borcudur. Uşaqlara qayğı və diqqət hər bir dövlətin siyasətində önəmli yer tutur. Çünki hər bir xalqın, millətin gələcəyi uşaqlardır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Mərkəzin rəsm kursunun iştirakçılarının Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış olub.
Bayram tədbiri uşaqların ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
x x x
Cəlilabaddakı Heydər Əliyev Seyrəngahında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə rayon rəhbərliyi, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, və valideynlər iştirak ediblər.
Bayram tədbirində uşaqların iştirakı ilə hazırlanmış konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.