MƏDƏNİYYƏT


Dünyaşöhrətli müğənni Bülbülün anadan olmasının 125 illiyi qeyd edilib

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktor müavini Təranə Qurbanova Bülbülün Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən danışıb: “Biz unudulmaz sənət ustası Bülbülün anadan olmasının 125 illiyini böyük qürur hissi ilə keçiririk. Çünki onun doğulduğu doğma Şuşamız artıq azaddır. Biz buna görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

Muzeyin şöbə müdiri Xanım Abdinova Azərbaycan vokal sənətinin zirvəsi olan Bülbülün həyatı və parlaq yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği yolunda əvəzolunmaz xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycan musiqi tarixində Bülbül kimi özünəməxsus ifa tərzi, yaradıcılıq yolu olan sənət ustaları çox nadir tapılır. O vokal məktəbində əfsanədir”, - deyə şöbə müdiri vurğulayıb.

Sonra Əməkdar artist, vokal ifaçısı Ramil Qasımov Bülbül yaradıcılığı haqqında danışıb və görkəmli ifaçının həyatından olan xoş məqamlarla bağlı təəssüratlarını bölüşərək, öz fərqli ifalarını səsləndirib.

Qeyd edək ki, tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər İlahə Əfəndiyeva, Ələkbər Əliyev, Roza Səlimova və Ceyran İsayevanın ifalarında konsert proqramı təqdim olunub. Tədbirdə Bülbülün ifaları olan videoyazılar və muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış sənədli videoçarxlar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.