REGİONLAR
Düşmənin təxribatlarına baxmayaraq, Qazaxın sərhəd kəndlərinin sakinləri gündəlik təsərrüfat işləri ilə məşğuldurlar REPORTAJ VİDEO
Qazax, 28 mart, AZƏRTAC
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik müşahidə edilir. Düşmən tərəf atəşkəs rejimini kobud şəkildə pozaraq, təxribatlar törədir. Azərbaycan əsgəri düşmənə layiqli cavab verir.
Təmas xəttinə yaxın ərazilərdə yaşayan kənd sakinləri isə bundan heç də narahat deyillər, öz gündəlik işləri ilə məşğuldurlar. Hazırda Qazax rayonunun Ermənistan ilə sərhəddəki Xanlıqlar kəndində qızğın təsərrüfat işləri görülür. Əkin sahələri suvarılır, bağlara və əkin sahələrinə qulluq olunur, təmizlik işləri aparılır.
AZƏRTAC xəbər verir ki, kənd sakini Tahir Qurbanov da üzüm bağında sahənin dərmanlanmasını həyata keçirir. “Atəş səsi daim olur. Buna baxmayaraq, hər kəs öz işində-gücündədir. Təsərrüfatımda üzüm sahəsinə dərman vurulmalıdır. Onun hazırlığını görürəm”, - deyə T.Qurbanov bildirib.
Bu sərhəd kəndinin sakinləri təsərrüfatın bir çox sahəsi ilə məşğul olur. Heyvandarlıq, taxılçılıq, üzümçülük, kartofçuluq və meyvəçilikdə öz təsərrüfatlarını inkişaf etdirirlər. Bir sözlə, böyükdən kiçiyə hər kəs öz elində-obasında əkin-biçinlə, maldarlıqla məşğuldur. İndi onlar yeni əkin mövsümünü uğurla başa vurub, sahələrdə bol məhsulun təməlini qoyurlar.