MƏDƏNİYYƏT
Düşünmək istəyirəm mən...
Bakı, 12 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı filialı Xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arifin anadan olmasının 95 illiyi ilə əlaqədar “Düşünmək istəyirəm mən” adlı dəyirmi masa keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Hüseyn Arifin ömür yolu və zəngin yaradıcılığı haqqında geniş məlumat verilib.
Qeyd edilib ki, şairin poeziya aləmi mövzu baxımından genişdir. Onun təbii və canlı dili ilə seçilən əsərlərindən həyatın nəfəsi duyulur. Məhz buna görədir ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. Kövrək ruhu, zərif duyğulu, incə deyimli ifadələr, gözlənilməz bədii sonluqlar, şairin yaradıcılığına xas olan poetik lövhələr, şeirlərin dadlı-duzlu dünyası oxucu yaddaşında silinməz iz buraxır, insanın mənəvi aləminə bir təravət gətirir. Təbiət mövzusunda yazdığı və əksərən fəlsəfi fikirlərlə sona yetirdiyi əsərləri ilə şair bizi ana təbiəti qorumağa, duymağa, doğma torpağın qədrini bilməyə çağırır.
Bildirilib ki, Hüseyn Arif yaradıcılığının əzəl qaynaqlarından biri təbiət idi. Doğma Azərbaycan təbiətinin möhtəşəm gözəlliyinə vurğunluq - onun poeziyasında çeşidli bədii təcəssümünü tapıb. Hüseyn Arif təbiəti təsvir edəndə bəzən həqiqətən bir rəssam kimi onu canlandırıb.