İDMAN
“EYOF Bakı 2019” Həndbol yarışlarında finalçılar müəyyənləşib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da XV Avropa Gənclər Avropa Festivalının həndbol yarışlarında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, festivalın həndbol yarışlarının dördüncü günündə həm qızların, həm də oğlanların yarışlarının hər birində 4 oyun keçirilib. Hər iki kateqoriyada qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar yarımfinal, digər yerlərdə qərarlaşan seçmələr isə 5-8-ci yerlər uğrunda mübarizə aparıblar.
Qızların yarışında yarımfinalda Hollandiya yığması İsveçrəni (23:19), Fransa millisi isə Macarıstanı (26:24) məğlubiyyətə uğradıb. Yarışda 5-8-ci yerlər uğrunda görüşlərdə isə Rumıniya seçməsi Azərbaycan yığmasından (35:22), İspaniya millisi isə Çexiyadan (21:20) üstün olub.
Oğlanların mübarizəsində isə yarımfinalda Xorvatiya yığma komandası Danimarka seçməsini məğlub edib – 42:39. Finala vəsiqə uğrunda digər oyunda isə Almaniya seçməsi Fransa millisinə 30:25 hesabı ilə qalib gəlib. Həndbolçu oğlanların yarışında 5-8-ci yerlər uğrunda görüşlərdə isə Sloveniya yığması Serbiyanı (24:22), İslandiya millisi isə Azərbaycan seçməsini (48:11) məğlub edib.
Beləliklə, iyulun 27-də - festivalın sonuncu günündə qızların yarışında Hollandiya və Fransa yığması çempion adı uğrunda üz-üzə gələcəklər. Üçüncü yer uğrunda görüşdə İsveçrə və Macarıstan seçmələri qarşılaşacaqlar. Yarışda 5-6-cı yerlər uğrunda qarşılaşmada Rumıniya və İspaniya, 7-8-ci yerlər uğrunda isə Azərbaycan və Çexiya yığmaları görüşəcəklər.
Oğlanların mübarizəsində isə finalda Xorvatiya və Almaniya komandaları qızıl medalı uğrunda görüşəcəklər. Bürünc medallara sahib olmaq üçün Danimarka və Fransa seçmələri üz-üzə gələcəklər. Sloveniya və İslandiya 5-6-cı, Serbiya və Azərbaycan milliləri isə 7-8-ci yerlər uğrunda qarşılaşacaqlar.
Qeyd edək ki, festivalın həndbol yarışları Bakı İdman Sarayında və “ABU Arena”da keçirilir.