İDMAN
“EYOF Bakı 2019”: güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə Azərbaycan pəhləvanları mübarizəyə uğurla başlayıblar.
AZƏRTAC xəbər verir ki, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisi 7:0, Elmir Əliyev (51 kq) isə səkkizdəbir finalda norveçli Kristoffer Andreseni 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.
Sərbəst güləş yarışlarında isə səkkizdəbir finalda mübarizə aparan Cəbrayıl Hacıyev (65 kq) gürcüstanlı Davit Patsinaşvilini 13:3, Kənan Heybətov (51 kq) ukraynalı İvan Terzini 12:2 hesabla məğlubiyyətə uğradıblar.
Qadın güləşi üzrə isə səkkizdəbir finalda Nigar Mirzəzadə (65 kq) almaniyalı Mari Trautmana (8:0) qalib gəlib.
Bu yarışlardakı digər təmsilçilərimiz Elnurə Məmmədova (53 kq) səkkizdəbir finalda macarıstanlı Flora Vizi, Birgül Soltanova (57 kq) isə rusiyalı Dariya Manuil qarşılaşacaqlar.
Güləş yarışları davam edir.