CƏMİYYƏT
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə, portala baxış sayı isə 1 milyon 904 minə çatıb
Bakı, 25 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalının aktiv istifadəçi sayı artıq 153,6 minə çatıb, portala baxış sayı isə 1 milyon 904 mindir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, portal hər bir vətəndaşa onlarla bağlı sosial məlumatlara (eləcə də pensiya, müavinət, təqaüd, əlillik təyinatı, müxtəlif sosial təminatlar və s. barədə) real vaxt rejimində çıxış və dövlət sosial xidmətlərindən çevik rejimdə yararlanmaq imkanı verir.
İstənilən şəxsin portalda sosial hüquqlarının təminatına (o cümlədən, işlədiyi halda onunla bağlı sosial ayırmaların həyata keçirilməsinə, pensiya kapitalının toplanmasına və s.) nəzarət etmək, “e-Xidmətlər” bölməsində təqdim edilən xidmətlərdən və geniş əhatəliliyə malik e-arayış xidmətlərindən yararlanmaq imkanı var. Burada işəgötürənlərə yeni iş yerləri, onların vakansiyalar barədə məlumatları təqdim etməsinə də imkan yaradılıb, son vaxtlarda daha bir istiqamət kimi övladlığagötürmə xidmətləri də daxil edilib.
“E-sosial” internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” əməliyyat sistemi və “İOS” platforması üçün tətbiqləri də fəaliyyət göstərir. Portalın “Android” tətbiqindən istifadəçi sayı artıq 14, 2 minə, “İOS” tətbiqindən istifadəçi sayı isə 1000-ə yaxındır.