CƏMİYYƏT
“Education HUB” təşkilatı yeni layihənin təqdimatını keçirib
Bakı, 6 dekabr, AZƏRTAC
“Education HUB” təşkilatının “İnkişaf zamanı” proqramı çərçivəsində reallaşdırdığı “Qoy, biliyimiz icmaya xidmət etsin” layihəsinin dekabrın 6-da ictimai təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir. “İnkişaf zamanı” proqramı çərçivəsində gənclər tərəfindən erkən nikahların qarşısının alınması üçün maarifləndirici sessiyalarda ətraf mühitin mühafizəsi, sosial şəbəkələrin zərərləri, kitab oxuma vərdişlərinin aşılanması və s. mövzularda məlumat verilib, qısametrajlı maarifləndirici filmlər və videoçarxlar hazırlanıb.
“Education HUB”ın proqram meneceri Gülnarə İsmayılova tədbirdə çıxış edərək layihə barədə məlumat verib. Bildirib ki, ictimai təqdimatın məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan gəncləri bir araya toplamaq, onlara layihə barədə ətraflı məlumat verməkdir. Əsasən 18-29 yaşlı gəncləri əhatə edən proqram çərçivəsində gənclərimiz incəsənət alətlərindən istifadə etməklə Azərbaycanın müxtəlif bölgələrində rastlaşdıqları və onları narahat edən sosial problemlərə toxunurlar. Beş ay ərzində davam edən proqram zamanı gənclərimiz erkən nikahlar, ekoloji böhran, ailədaxili münaqişələr, eləcə də gənclərin oxuma vərdişlərinin və təhsilə marağının artırılması ilə bağlı müxtəlif kampaniyalar həyata keçirirlər.
Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Andeas Holt bu proqramın qeyd olunan problemlərin həllində və gənclərin bu prosesdə fəal iştirakının təmin olunmasında mühüm rol oynayacağını bildirib.
Çıxışlardan sonra gənclər proqram çərçivəsində fəaliyyətlərinə dair təqdimatlarla çıxış ediblər.
Sonda görülən işlərlə bağlı müzakirələr aparılıb, qarşıda duran vəzifələrə dair rəy və təkliflər səsləndirilib.