SİYASƏT


Ehtiyatda olan polkovnik: Təxribatçı erməni zabitinin görüntülərini yayan hərbçilərin ordu sıralarından uzaqlaşdırılması düzgün qərardır

Bakı, 11 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycanın sürətlə inkişaf edən ölkələr sırasında olması, Ordumuzun regionun ən güclü ordusuna çevrilməsi danılmaz faktdır. Lakin görünən odur ki, bu inkişafa sevinməyənlər və durmadan qarayaxma kampaniyası aparanlar son zamanlar daha da fəallaşıb.

Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Adil Həsənov deyib.

A.Həsənov bildirib ki, xüsusən avqustun 23-də Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirini tutan hərbi qulluqçuların guya ehtiyata buraxılması ilə bağlı yalan iddialarla sosial şəbəkələrdə daha çox uydurma, əsassız paylaşımlar edilir və şoular yaradılır. Keçmiş hərbçi kimi məxfiliyə əməl etməyin xüsusən orduda nə dərəcədə əhəmiyyətli olduğunu gözəl bilirəm. Əvvəla hər kəs bilməlidir ki, əmrin tələblərini pozmaqla smart telefonlar işlədərək məxfilik qaydalarını pozan həmin hərbi qulluqçular heç də qeyd olunan erməni kəşfiyyatçısını tutanlar deyil. Çox güman ki, biz hamımız tezliklə əsl qəhrəmanları tanıyacağıq. Telefonla çəkiliş edib özlərini reklam edənlər isə, necə deyərlər, “hamam suyu ilə özünə dost axtaranlardandır”. Onların məqsədi sadəcə özlərini reklam etmək, qohum-əqrəba, dost-tanış arasında dırnaqarası “şöhrət” qazanmaqdan başqa bir şey deyil.

“Sadə bir hərbçi kimi onu deyə bilərəm ki, bu erməni dığasının görüntüləri əgər yayılmasa idi, birincisi, ermənilər onun harada olması barədə hələ də məlumatsız qalacaqdılar. İkincisi və ən əsası isə onun vasitəsilə daha çox kəşfiyyat xarakterli məlumatlar əldə etmək mümkün olacaqdı. Bəzi “qəhrəmanlar”ın sayəsində ən azı bu iki şansı əlimizdən qaçırmış olduq. Hesab edirəm ki, əgər onlar hansısa “töhmət” və ya digər intizam cəzası ilə cəzalandırılaraq hərbi xidmətdə qalsaydılar, bu, həm onların gələcəkdə baş verə biləcək belə hallarda yenə “başqasının hesabına xal qazanmaq” kampaniyalarını davam etdirəcəklərinə, həm də digər şəxslərdə də bu kimi hərəkətlərə yol vermə istəyinin yaranmasına səbəb olardı.

Mən Müdafiə Nazirliyi rəhbərliyinin bu qərarını zamanında verilən düzgün qərar kimi qiymətləndirirəm. Nazirliyin məlumatından aydın oldu ki, iş hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa da göndərilib. Əminəm ki, orada da fakta düzgün qiymət veriləcək və günahkar şəxslər layiq olduqları cəzalarını alacaqlar, - deyə ehtiyatda olan polkovnik qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.