REGİONLAR
Ekologiya və təbii sərvətlər naziri Tovuzda vətəndaşları qəbul edib VİDEO
Tovuz, 3 noyabr, Famil Quliyev, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 3-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarının vətəndaşlarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərə baxılıb.
Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerindəcə öz həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.