CƏMİYYƏT
Ekspert: Yoluxma zəncirinin müəyyən bir hissəsi qırılsa da, virusa yoluxma və ölüm halları yenə də qeydə alınır
Bakı, 24 iyun, AZƏRTAC
Vaksinlərə əlçatanlıq artdıqca, yoluxma halları da azalır və beləliklə də, ölkələr yumşalma tədbirlərini gözdən keçirir, məhdudiyyətləri bir-bir ləğv edirlər, sərhədlər açılır, turizm dirçəlməyə başlayır. Dünya elmin töhfəsi olan - COVID-19 əleyhinə vaksin sayəsində pandemiyaya son qoymağa hazırlaşır. Digər tərəfdən isə qaydalara riayət edilməli, sanitar-epidemioloji tədbirlər davam etdirilməlidir. Yoluxma zəncirinin müəyyən bir hissəsi qırılsa, gündəlik olaraq virusa yoluxma və ölüm halları yenə də qeydə alınır.
Bunu AZƏRTAC-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib. Azərbaycanda pandemiya ilə aparılan mübarizədən danışan ekspert deyib: “Pandemiya başlayandan bəri dövlətimiz tərəfindən ölkə əhalisinin sağlamlığı naminə hər bir addım operativ və vaxtında atıldığına görə bir çox mütəxəssisin öncədən proqnozlaşdırdığı kimi yeni növ koronavirusun ölkəmizə təsiri ciddi fəsadlara yol açmadı. Bu dövr ərzində güclü siyasi rəhbərliyin olduğu ölkələr pandemiyadan daha az itki ilə çıxdığını gördük. Azərbaycan da güclü siyasi rəhbərliyin sayəsində pandemiyaya artıq son qoymağa hazırlaşır. Dünya mütəxəssislərinin proqnoz və rəyinə əsasən artıq payızda ötən ildə olduğu kimi ciddi yoluxma təhlükəsi gözlənilmir.
Virusa yoluxmanın azalması nəticəsində ölüm halları da on dəfələrlə azalmışdır. Bu azalmaya effektiv və vaxtında görülən tədbirlər nəticəsində nail olunub. Bu, güclü siyasi rəhbərliyin növbəti uğurudur. Döyüş meydanında mənfur düşməni əzən dövlətimiz gözəgörünməz mənfur düşmənə də qalib gəldi”.
Pandemiya ilə mübarizədə vaksinasiyanın rolundan danışan Pərvanə Vəliyeva deyib: “Pandemiyaya son qoymağın yeganə yolu olan vaksinasiya ölkəmizdə aktiv şəkildə aparılır. Vətəndaşlar normal həyata qayıdış, bu ölümcül virusa yoluxma təhlükəsi ilə bir daha üz-üzə qalmamaq üçün peyvənd olunmağa tələsirlər. Dövlətimiz əhalinin rifahı və sağlamlığı naminə dörd adda vaksini ölkədə əlçatan etmiş və insanlar istədiyi vaksindən yararlanır.
El adətinə əsasən, toy, nişan və s. kimi mərasimlərin keçirilməsi ilə bağlı uzun müddətdir tətbiq olunan məhdudiyyətin ləğvi gözlənilirdi. Nəhayət, Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən tənzimləyici sanitar-epidemioloji qaydalara əməl olunması şərti ilə şənliklərin keçirilməsi barədə məhdudiyyəti aradan qaldırdı. 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində mütləq qaydada infeksiyaya nəzarət tədbirlərinə ciddi şəkildə əməl olunmalıdır.
Əlbəttə ki, bu qadağaların aradan qaldırılması üçün yoluxma hallarının azalmasına, ölkədəki epidemioloji vəziyyətin stabilləşməsinə ciddi ehtiyac var idi. Lakin toy mərasimlərinin yenidən keçirilməsinə icazə verilməsinə baxmayaraq yenə də unutmaq olmaz ki, virusa tamamilə son qoyulmayıb. Virusa yoluxma halları gündəlik olaraq yenə də müşahidə olunur və ölkəmizdə hələ peyvənd vurulmamış milyonlarla insan var.
Ölkəmiz yavaş-yavaş normal həyata qayıdır, lakin təhlükə hələ də qalmaqdadır. Bu səbəbdən də qapalı məkanlarda maskadan istifadə mütləqdir”.